Səttarxan – Pənahi Makulu (kitabdan alıntılar)

smBirinci kitab

Səh. 89: “Səttar təsadüf etdiyi mənzərəni, kürdlərə adamlarını azad etdirmək haqqında söz verdiyini söylədiyi zaman Bağırın gözləri təəccübdən bərəldi.

Bağır heyrətlə:

– Elə on beş ildir ki, həbsdədirlər? – deyə soruşdu.

– Bəli, bəli…

– Onları niyə bu qədər saxlayıblar?

– Ona görə ki, vəliəhdin zülmünə dözmək istəmirlər. Nə bilim, deyirlər ki, kürdlər azadlıq istəyirlər”.

Səh. 134: “Yeni həyat ilə addımlaşmaq üçün yeni insanlar lazımdır”.

Səh. 287: “Məmmədəli şah bu gün öz baş naziri Atabəy Əzəmi Şəmsülimarə sarayında qəbul etdi. O, qocaman çinar ağacları baş-başa çatan geniş bağçalı həyətə baxan salonda oturmuş, salon az tapılan və qiymətli şeylərlə döşənmişdi. Bu şeylərin hər biri müəyyən bir hadisə və tarix ilə bağlı idi. Otağın baş tərəfindəki qızıl taxtı Nadir şah Hindistandan gətirmişdi. Xalılar isə Kərim xan Zənd zamanı Ağa Məhəmməd şahın bıçağı ilə dəlinmişdi. Qapı və pəncərələrdən asılan zərif pərdələr Səfəvi şahlarının yadigarı idi”.

Səh. 315-316: “Səfir gülümsədi:

  • Farslar deyirlər ki, “Ba məni, dər Yəməni, pişi məni, bi məni, pişi məni, dər Yəməni”. Yəni əgər qəlbin mənimləsə, Yəməndə olsan da, mənim yanımdasan, əgər qəlbin mənimlə deyilsə, mənim yanımda olsa da, Yəməndəsən”.
  • Adam heç inana bilmir ki, bu sözlər bugünkü iranlıların babalarının sözüdür, – deyə Şoster səfirin çəkdiyi məsəli bəyəndiyini sübuta çalışaraq, maliyyə işlərini düzəltmək üçün gəldiyi xalqın son dərəcə geridə qalmış olduğunu və özünün o xalqa alçaq nəzərlə baxdığını hiss etdirməyə çalışdı.
  • Belə olmaları daha yaxşıdır, – deyə səfir gülümsəyərək qonağına bayaq Tomsonun oturduğu kresloda oturmağa dəvət etdi.
  • Lakin bunları az da olsa, savadlandırmaq, yarım mədəni halda saxlamaq lazımdır, – deyə Şoster ona cavab verdi.

Səfir təəccüblə:

  • Nə üçün? – deyə soruşdu.

Şoster tam bir qətiyyətlə:

  • Amerika və İngiltərənin müştərək mənafeyi bunu tələb edir, – dedi.

Səfir etirazedici bir tərzdə:

  • Lakin mənə belə gəlir ki, gözübağlı adamlar, mədənlərdə çalışan adi fəhlələr, xammal yetişdirən kəndlilər, dünyadan tamamilə xəbərsiz olan elatlar daha əlverişlidir, – dedi.
  • Alman torpağından beş-altı dəfə böyük əraziyə malik olan bütün mədənləri və yeraltı sərvətləri tamamilə əl dəyməmiş halda qalan İran ərazisində isə salınacaq müştərək kapitaldan səmərəli istifadə etmək üçün azı iyirmi min kilometrə qədər uzunluğu olan bir neçə əsas dəmir yol çəkmək, onlara lazım olan avadanlığı hazırlamaq üçün biz nə İngiltərədən, nə də Amerikadan texniki işçilər gətirə bilmərik. Ucuz işçi qüvvəsi əldə etmək üçün yerli əhalini hazırlamalıyıq, – deyə mister Şoster öz fikrini bildirdi”.

 

İkinci kitab

Səh. 7: “Mir Haşımı bizdən ayıran Məmmədəli şahın Tehrandan göndərdiyi pullar, verdiyi mənsəb vədləri oldu.. bu pullar onu və tərəfdarlarını bizə zidd bir qüvvəyə çevirdi. Bu və bunlara oxşayan yüzlərlə dəlillərə əsaslanaraq demək olar ki, bu yalançı anlarda o, azadixah qüvvələri aldadır, onların başı altında jasdıq qoyur və qəti hücuma keçmək üçün hazırlıq görür. Qurd, qoyun dərisinə bürünsə, yenə də qurddur.

Siz Tehrana yazın ki, Osmanlı qoşunlarının sərhəd şəhərlərimizə basqın etməsi Məmmədəli Mirzə ilə Sultan Əbdül Həmidin razılığı ilə olubdur”.

Səh. 31: “…Təbriz nümayəndələri səhər tezdən iranlı fəhlələrin ən çox yaşadığı Sabunçuya gəlməyi qərara almışdılar”.

Səh. 160-161: “Şer oxunandan sonra onun müzakirəsi başlandı:

Sərdar onun altındakı imzaya baxıb:

  • Əbunəsir Şeybani kimdir? – deyə soruşdu. Molla əmi də özünə yaxşı dostlar tapır.

Əli Səhlanlı şeri diqqətlə nəzərdən keçirib:

  • Bu, Sabirin sözlərinə oxşayır, – dedi.

Bir dəfə Sərdar küçələrin birində bir uşağın bu şüir əzbər oxuduğunu görüb dayandı və axıra qədər ona qulaq asdı. Sonra yanındakı Əli Səhlanlıya:

  • Əli dayı, – dedi. – Bu adam nə qədər də böyük bir şairdir. Görəsən, o tayda onun qədrini necə bilirlər?
  • Mənə belə gəlir ki, onun hər şeri bizə böyük bir mücahid dəstəsindən daha artıq xidmət edir. Bizim şəhərdə, bizim sıramızda belə bir şair olsa idi özümüzü nə qədər xoşbəxt hesab edərdik”.

Səh. 165: “Öz kazakları ilə bir gün əvvəl Təbrizə varid olan Yavər Məmmədxan ilə Rza xan (sonralar Rza şah Pəhləvi adı ilə İranda dövləti qəsb edən adam. O, Təbriz inqilabçılarına qarşı mübarizə aparılan o günlərdə pulemyotçu idi. Red.) qərargahı Şamqazanda təyin etmişdi.

Səh. 178: “Mirzə məktubu təkrar oxumağa başladı:

  • Təbriz qadınları yazırlar ki: “Cənab Eynüddövlə, bizim kişilərimiz dava edir, özümüz evimizdə oturub onların yaralarını bağlamağa məşğul oluruq. Bizim əlimizdən dava etmək gəlmirsə də, bu gələr ki, ac qalıb, ağacların qabıqlarını yeyib, övladımıza südsüz məmə verərək, kişilərimizə mane olaq ki, sənə təslim olmasınlar” (bu fakt “Tərəqqi” qəzetinin Bakıda nəşr edilən 3 may 1909-cu il, 94-cü nömrəsindən götürülmüşdür. Red.)”.

Səh. 220-222: “- Əyləşin, ağalar, – deyə yenə Bəhbəhani danışmağa başladı.

  • Ağalar, məşrutə hökuməti şahsız ola bilməz, şah məclisin qüvveyi icraiyyəsidir. And içib qəbul etdiyimiz qanuni əsasiyə görə biz Qacar xanədanından başqa bir adamı şahlığa seçməməliyik. Təklif var ki, həmin Məmmədəli Mirzənin oğlu Əhməd Mirzə padşah elan olunsun…

Yerdən bir nəfər qışqırdı:

  • Ağalar, qardaşları duran yerdə oğlu neçün şah olsun?

Bəhbəhani vüqarını pozmadan:

  • Məmmədəli Mirzənin qardaşları özündən yüz qat artıq zalimdirlər. Lakin oğlu hələ uşaqdır. Məclis və millət onu bir məşrutəxah padşah kimi tərbiyə edə bilər.

Kim isə yerindən Firdovsinin bu şerini oxudu:

“Əfira koşi bəççəəş pərvəri,

Bədivanəki manəd in davəri” (İlanı öldürüb balasını saxlayırsan, bu ağıllılıq divanəliyə oxşayır).

Yenə Bəhbəhaninin səsi eşidildi:

  • Doğrudur, böyük Firdovsi bunu belə deyib, lakin bütün qanunlara əsasən, oğul ataya cavabdeh deyil.
  • Vacib və görüləsi işlərimiz çoxdur. Buna görə də bu cür kiçik sual-cavablar ilə məclisin vaxtını itirmək olmaz, – deyə əsl məsələyə keçdi.
  • Kim Məmmədəli Mirzənin oğlu Əhməd Mirzənin İrana padşah olmasına tərəfdardırsa ayağa dursun, – dedi.

Hamı yenə ayağa qalxdı.

“Mübarək bad, mübarək bad” – səsi məclisi doldurdu. Səs-küy yatandan spnra yenə Bəhbəhaninin səsi eşidildi:

  • Gənc padşah üçün məşrutə əleyhinə olmayan bir nayibüssəltənə seçmək lazımdır, təklif var ki, bu da Qacar xanədanının ağsaqqalı Əzüdülmülk olsun. Kim razıdır, ayağa qalxsın.
  • “Mübarək əst, mübarək əst”, – deyə hamı ayağa durdu.
  • İndi bir nəfər dövlət başçısı seçmək lazımdır ki, o, dövlət təşkil verib, məclisin qarşısında məsuliyyət daşısın. Bu məqam üçün həzrət Sipəhdarın hamıdan artıq səlahiyyəti vardır. Kim onun baş nazirliyinə razıdırsa ayağa dursun.

Beş-on nəfərdən başqa hamı ayağa qalxdı.

Yenə “mübarək əst, mübarək əst” – səsi eşidildi.

Bəhbəhani mizin dalından keçib qabaq cərgədə oturan alçaq boylu arıq adamın qolundan yapışaraq mizin yanına gətirdi, üzünü ona tutaraq danışmağa başladı:

  • Ağayi Sipəhdar! Xalq səndən bir məşrutə dövlətinin baş nazirindən gözlədiyi məhəbbət, əməl, fəaliyyət və ədalət gözləyir. Özünüzü xalqın qarşısında doğrultmağa çalışın. Məclis sizdən tələb edir ki, həmin bu saat Məmmədəli Mirzənin təxtindən düşüb, oğlu Əhməd Mirzənin padşah təyin olunmasını bütün vilayətlərə, eləcə də paytaxtda olan səfirliklərə bildirəsiniz. İngilis və Rusiya səfirliyinə xüsusi bir məktub yazıb, məlum edəsiniz ki: “Sabiq İran şahi Məmmədəli Mirzə dərhal İrandan çıxmalıdır; özü ilə apardığı səltənətin cəvahirləri geri verilməlidir; hər nə borcu varsa şəxsi əmlakından sataraq borclarını ödəməlidir.

Səh. 243-244: “Azərbaycan maarif idarəsi gələn tədris ili üçün yeni kitabların çap olunması haqqında Əncümənin fikrini soruşub icazə istəyirdi. Bağırxan hər kəsdən əvvəl dilləndi:

  • Əlbəttə ki, icazə vermək lazımdır. Biz hələ əvvəldən də demişik ki, dövlət gəlirinin yüzdə altmış faizi maarif yolunda xərclənəcəkdir.

Səttarxan əlavə etdi:

  • Doğrudur, lakin bu icazəyə bir şey əlavə etmək lazımdır. Orada qeyd edin ki, çap olunan kitabların hamısı ancaq ana dilində olmalıdır.

Əli dayı Sərdarın sözünü təstiq etdi:

  • Bəli, qoy uşaqlarımız anlasınlar ki, nə oxuyurlar.

Bir başqası dilləndi:

  • Bəs fars dili oxunmayacaqmı?

Hacı Əli ona cavab verdi:

  • Nə üçün oxunmayacaqdır? Oxunacaqdır! Bir xarici dil kimi beşinci sinifdən sonra.

Sərdarın solunda oturan uzunsaqql bir adam:

  • Bu doğru olmaz, – dedi. – Fars dili bizim üçün ən əhəmiyyətli dildir. Əsas gücü ona vermək lazımdır. Bir şeyə fikir verin. Bütün şairlər farsca yazır. Bu dil bütün dünyada şöhrət tapmışdır.

Əli dayı oturduğu yerdən çevrilib hiddətlə o adama baxdı.

  • Kim fars dilini pisləyir? Lakin ana dili hər millət üçün hər şeydən əzizdir. Sən ədəbiyyatdan danışdın. Bu da doğru deyil. Sən öz həmşəhərlin Xətayini yadına sal. Ya da bizim Sahibi, Qovsini, Heyran xanımı, Sərdarın yerlisi Nəbatini, Qarabağdakı Vaqifi, hamımızın çox sevdiyimiz Seyid Əzimi, nəhayət, “Molla Nəsirəddin”dəki “Hop-hop”, hərdəmxəyalı, ya da orada yazan Mozalanı, lap Molla əminin özünü göz qabağına gətirin. Təkcə Mirzə Fətəli bu saat öz əsərləri ilə bütün İslam aləminə və o cümlədən farslara yol göstərir. Daaş, bunları unutmayın. Mən savadı Sədinin “Gülüstanından” öyrəndim, amma həyatı mənə Axundov, “Molla Nəsirəddin” və Bakıdan aldığımız qəzetlər öyrətdi. Bunu hər namuslu, hər savadlı adam da təsdiq edə bilər.

Səh. 250: “Hacı Əli yenə teleqrammanı oxumağa davam etdi:

“Hökumət təşkil etmək işini dərhal Sipəhdara tapşırdılar. Sipəhdar isə öz hökumətinin hərbi vəzarətini öz öhdəsinə götürdü. Daxili işlər vəzarətini Bəxtiyari Sərdar Əsədə və şəhərin nəzmiyyə rəisliyini inqilabda heç bir rolu olmayan osmanlı təbəəsi Yefremxan adlı birisinə tapşırdı. Belə bir hökumət quruluşundan demokratlar, xüsusilə Süleyman Mirzə və Yəhya Mirzə çox narazıdırlar. Hələlik, bu qədər.

Yeni əmrinizə müntəzirəm.

İmza: Əzimzadə”.

Səh. 251-252: “Sərdar ciddi bir qətiyyətlə:

  • Yox, hələlik bu hökumətə qarşı çıxmaq olmaz! – dedi. – Ona görə olmaz ki, biz biləni hələ xalq bilmir. Azadlıq uğrunda mübarizə aparan xalq bu adamlardan böyük möcüzələr və kəramətlər gözləyə bilər. Buna görə də bu hökumətin iç üzü aşkara çıxarılmayınca xalq ondan üz döndərməz. Buna görə də ona qarşı çıxmaq hələlik düzgün olmaz. Biz bu ara bircə şey edə bilərik və onu etməliyik də: Azərbaycan Əncüməni əyaləti tam bir mütəqillikdə saxlamalı, işlərimizə Tehranın qarışmasına qəti yol verməməli və qəti mübarizə üçün hazır olmalıdır.

Səh. 259: “Zəhrmara qalaydı belə məşrutə! Min zəhmətdən sonra hökuməti ələ al, dövlətin ən yüksək vəzifəsində otur, özünsə qüdrətsiz, gücsüz bir adama çevril. Bəh-bəh, əcəb işə qaldıq!”

Səh. 266: “Səfir qaşlarını dartıb, gözlərini yerə dikdi:

  • İranın tarixinə müraciət etsəniz, qədim İran şahları gücləri yetişməyən adamların çarəsindən nə cür gəldiklərini öyrənə bilərsiniz. Misir hakimi Məmmədəli paşanın tarixinə göz yetirin. Müxtəsər kəlam, bütün şahların tarixinə baxsanız onu görərsiniz. Himayəyə gəlincə biz də, ruslar da ona təzyiq göstərə bilərik. Siz nə üçün onu özünüzdən ürküdürsünüz. Siz məgər onu Azərbaycandakı qüvvələrdən ayıra bilməz, danışıq aparmaq adı altında onu buraya çağıra bilməzsinizmi? Öz aramızdır, bunu istəmiş olsaydınız çoxdan yerinə yetirə bilərdiniz. Bundan sonrası isə çox asandır. Sizin öz məmləkətinizdə belə şeylər az baş verməmişdir. Nadir şahın başına gətirilən iş, Ağa Məhəmməd Qacarın qardaşlarını birtərəf edib özünü şah etməsi, rus səfiri Qriboyedova qarşı görülən tədbir. Nəhayət, bunların hamısı kənara – kiçik bir bədbəxt hadisə, ondan sonra hətta, istəsəniz ağlaşma, göz yaşı, təəssüf, Azərbaycan xalqına rəsmi baş sağlığı… eh cənablar, mən bunu sizə nə üçün deyirəm? Siz mənim kimisinə bu işdə dərs verə bilərsiniz.

Səh. 284: “İmam Cümə bu dəfə dua oxumağı unudaraq dil-dodağını gəmirib başını tərpədir, bəzən udqunur və bununla da Səttarxandan eşitdiyi sözlərdən son dərəcə hiddətləndiyini anladırdı. Nəhayət, o, özünü saxlaya bilməyib süni bir kədərlə sözə başladı:

  • Əüzibillahi minəl şeytanülrəcim? – necə ki, buyurursunuz bunlar hamısı o iblis oğlu iblis inigilislərin işidir. Rusları da yoldan çıxaran onlardır. O gündən ki, bu abu xak pakə ayaq açıblar, özləri ilə buraya bədbəxtlik gətiriblər. Allah Şah Abbas cənnət-məkana qənim olsun, bunların ayağını İrana o açdı. O, elə bilirdi ki, Türkiyə sultanı ilə aparacağı müharibədə bunlar ona kömək edəcək. Lakin bilmədi ki, ingilis islam dininin düşmənidir. Nə isə, keçənə güzəşt deyərlər. İndi də bütün fitnələrə bais onlardır. Elə buna görə də bəndeyi-həqirin əqidəsincə sizin belə bir vaxtda Tehrana təşrif aparmanız hər cəhətdən xeyirlidir.

Səh. 313: “Səttarxan üzünü Süleyman Mirzəyə tutaraq ciddi bir əda ilə dedi:

  • Mən həmişə deyəndə ki, Tehrandakı yoldaşlar yaxşı işləmir, mənə etiraz edirdilər. Buyurun, bu da sizin təşkil etdiyiniz hökumət! Dünənədək Məmmədəli şahın qatı tərəfdarları kimi mənimlə silahlı mübarizə aparan adam bu gün məşrutə hökumətinin daxili işlər vəziri olub, Səttara əmr edir ki, məşrutə yolunda işlətdiyi tüfəngi gətirib nəzmiyyəyə təhvil versin. Kimə? Həm də özü azərbaycanlı və iranlı olmayan, İran məşrutəsinin düşməni olan bir adama! Niyə? Nə üçün? Ona görə ki, o, ingilislərin adamıdır.
Bu yazı Pənahi Makulu, Qeydlərim, Tariximiz, Şəxsiyyətlər kateqoriyasında dərc edildi və , , , , , , , , , , , , , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir şərh yazın