Yunus Oğuz, Bəxtiyar Tuncay – Türkün gizli tarixi (kitabdan alıntılar)

Türkün gizli tarixinə cəsarətli müdaxilə (Nizami Cəfərov)

(Səh. 14): … Elə tədqiqatçı var ki, yeni faktlar tapır, yeni mənbələr müəyyənləşdirir, onun üzərində düşünür və öz fikirlərini, mülahizələrini irəli sürür. Elə tendensiya var ki, indiyə qədər türkologiyada deyilmiş fikirləri təhlil edir. Birbaşa mənbəşünaslıqdan gəlmir, əsasən deyilmiş fikirləri qarşılaşdırır, bu fikirlərin hansının məntiqli, hansının məntiqsiz olduğunu ortaya çıxarır. Elə tendensiyalar da var ki, ümumiyyətlə, metodoloji istiqamət verməyə çalışır ki, hansı mənbələrdən istifadə oluna bilər, hansı müəlliflər hansı mövqeləri ifadə edib.

Ön söz

(Səh. 22): … Qəribədir ki, Homer nə “Odissey”, nə də “İliada” əsərlərində heç bir yerdə “yunan” (qrek, ellin) sözünü dilinə gətirmir. Bəs onda Homerin əsərlərində göstərilən danaylar, axeylər, turşalar və başqaları kimlər olublar? Bəs Homerin özü kim olub? Yunanların onun adını və əsərlərini mənimsəməsi, o demək deyil ki, Homer özü yunan olub, baxmayaraq onun yaşadığı dövrdə, “yunan” (qrek, ellin) termini ümumiyyətlə mövcud olmayıb.

(Səh. 25): 1985-ci ildə, yalnız və yalnız sovet ideolojisinə xidmət edən və Suriya-SSRİ arasında qarşılıqlı əlaqələrin bariz nümunəsi olan bir kitab Moskvada çap edildi. Kitab belə adlanırdı: “Saxara sivilizasiyası” (Sivilizasii Saxarı). Heç kimin gözləmədiyi halda bu kitabda Saxaranın ən qədim əhalisi olan qaramantlar haqqında geniş məlumat verilir: “E.ə. 1200-cü ildə yeni dövr – “atlar dövrü” başlanır. Saxaranın şimalında yaşayan qaramantlar atlarının və arabalarının hesabına Niger çayının sahillərinə qədər hər yeri zəbt etdilər.

(Səh. 26): … Sultan Mehmet Fateh İstanbulu fəth edəndə belə bir ifadə işlədib: “Konstantinopolu almaqla, mən Troyanın (Turova) yerlə yeksan olunmasının qisasını alıram“.

(Səh. 40-41): Tarixçi alim Kərəm Məmmədov mövzu ilə bağlı yazır:

         “Qafqaz ərazisində məskun olan xalqların sayının çoxluğu, onların müxtəlif dil ailələrinə mənsub dillərdə danışması, bölgənin fiziki – coğrafi şəraitinin mürəkkəbliyi və bu mürəkkəbliyin ayrı – ayrı etnosların təcridinə gətirib çıxarması etnogenez proseslərinin öyrənilməsi baxımından Qafqaz ərazisindən əldə edilmiş paleoantropoloji materialın önəmini artırmaqdadır. Qafqaz ərazisində məlum olan ən qədim kəllə sümükləri Qobustandan, Kiçikdaşın ətəyindəki “Firuz” mağarasından tapılmışdır. Bu tapıntılar Mezolit dövrünə aiddir. Eyni dövrə aid edilən və eyni morfoloji xüsusiyyətləri daşıyan insan qalıqları Cənubi Azərbaycan ərazisindən də tapılmışdır. Üzün nisbətən ensizliyi və kəllənin nisbətən uzunsovluğu ilə fərqlənən bu tip bütün Qafqaz  və Cənubi Azərbaycan üçün təkcə Mezolit dövründə deyil, Eneolit, yəni Mis – daş və Tunc dövrlərində də xas olmuşdur.

Bu insan tipi elm aləmində “kaspi” və ya “oğuz”tipi adlanır və öz parametrlərinə görə Azərbaycan türklərinin antropoloji tipinə uyğundur və digər qonşu xalqların göstəricilərindən əsaslı surətdə fərqlənir.”

Soy və boy tamğalarımız

(Səh. 43): … Əli Yazıçıoğluna görə 11-ci oğuz tayfası olan begdililərin soy damğasına Gəmiqaya işarələri arasında cüzi fərqlə rast gəlinir. Qaranoqayların as və ya az soyunun tamğası isə Sofu Novruz pirində tapılmış işarə ilə eyni olmaqla yanaşı, həmin işarəyə eramızdan əvvəl 3-cü əsrdə Hindistanda formalaşdığı ehtimal edilən brahmi əlifbasının “ça” və “ba” hecalarının qrafik təsvirində də rast gəlinir.

(Səh. 45-46): Mahmud Kaşğarlı yazır: “Türklər əslində iyirmi boydur. Onların hamısının soyu əleyhissalam Nuh peyğəmbərin oğlu YAFƏSƏ, YAFƏSİN oğlu Türkə qədər uzanır. Türk boylarının hər birinin saysız-hesabsız oymaqları vardır ki, sayını yalnız Allah bilir. Mən bunlarıdan əsas və ana boyları saydım, oymaqlardan isə bəhs etmədim. Ancaq hər kəsin bilməsi üçün vacib olan oğuz qollarından  və heyvanlarına vurulan damğalardan bəhs etdim…”

Mahmud Kaşğarlıya görə 6-cı oğuz boyu olan əfşarlara aid olan tamğaya, eləcə də Yazıçıoğlunun əfşarlara aid etdiyi, fəqət Mahmud Kaşğarlının təsvir etdiyi  tamğadan   fərqlənən  tamğaya  Gəmiqaya   işarələri   sırasında,  eləcə  də Abşeronun Duvannı qəsəbəsinin şimal-qərbində yerləşən Sofu Novruz qəbristanlığında qeydə alınmış tamğalar içərisində rast gəlinir.

Mahmud Kaşğarlının 3-cü oğuz tayfası kimi qeyd etdiyi bayandurların tam-ğası isə Şamaxının Quşçu kəndində yerləşən Abdal damı mağarasında qeydə alın-mışdır. Maraqlıdır ki, bu işarənin ekvivalentinə Egey yazılarında da “şərab” mənası verən heroqlif kimi rast gəlinir. Əli Yazıçıoğlunda 11-ci oğuz boyu kimi qeyd edlmiş begdelilərin tamğaları Gəmiqaya işaələri içərisində də qeydə alınmışdır. Eyni müəllifin 16-cı oğuz tayfası kimi göstərdiyi çepnilərin tamğası da eyni təsvirlər içərisində yer almaqdadır. Gəmiqayada rast gəlinən tamğalar içərisində Əli Yazıçıoğlunun 19-cu oğuz boyu olduqlarını söylədiyi ulay-unduğların və Bahadır xanın 17-ci oğuz boyu kimi təsvir etdiyi samurların tamğaları da vardır.

(Səh. 53): Qobustan təsvirlərindən göründüyü kimi, əcdadlarımız ən azı Mezolit dövründən, e.ə. X-Vlll minilliklərdən etibarən şalvar geymişlər. Halbuki, istər qədim Misir və Çin, istər qədim hind və fars, istərsə də qədim Aşşur – Babil və Roma – yunan təsvirlərində eyni hala rast gəlmirik . Yalnız qədim fars təsviri sənət abidələrində ulu babalarımız midiyalılar və saklar şalvarlı təsvir edilmişlər. Bu isə o deməkdir ki, şalvar, eləcə də bir çox digər geyim növləri türklərdən digər xalqlara keçmişdir.

(Səh. 54): R. A. Yunaliyev özünün “Tyurkizmı v russkom yazıke” kitabında bildirir:

“…Rus dilində alt və üst geyim adlarını bildirən qırxdan yuxarı türk sözləri, otuzdan yuxarı paltar – geyim elementi adları, bəzək əşyaları, qırxdan çox baş geyimlərinin adları qeydə alınmışdır”.

Ulu babalarımız – səkkizoğuzlar

(Səh. 56): … Tarixçi–etnoqraf Qoşqarlı özünün “Azərbaycanlıların maddi mədəniyyəti” adlı əsərində “Oğuznamə”yə istinad edərək oğuzların mifik ulu əcdadı olan Oğuz xanın Ayla Öküzün izdivacından döğulduğunu qeyd etmişdir. Elə bu səbəbdən də son Tunc–erkən Dəmir dövrləri abidələrindən əldə edimiş tunc kəmərlərin üzərində təsvir edilən öküz başlarının buynuzları aypara formasında təsvir edilmişdir.

(Səh. 61-62): Dilçi alim İ.Məlikov yazır:

            “Ön Asiyanın qədim dillərindən olan xatt dilində tərtib edilən və eradan əvvəl  3-2-ci minilliklərdə qələmə alınan mətnlər ilk dəfə Qroznı və Forrer tərəfindən öyrənilmiş, daha sonra isə ,bu işi İohannes Fridrix, Laroş, Kemmenhuber, Dyakonov, Dunayevskaya və başqaları davam etdirmişlər. Sözügedən dilin leksik fondunda türkcə ilə ortaq olan bir sıra sözlərə təsadüf olunur ki, bu da həmin etnosların hələ Tunc dövründə Kiçik Asiya ərazisində cox yaxın ictimai-siyasi,mədəni və iqtisadi əlaqədə olduqlarını göstərir”.

Alimin ortaya çıxardığı paralellər içində “takkıl” (taxıl) və “tek” (tik, tikmək, toxumaq) kəlmələri diqqəti çəkir ki, bu faktlar xattların hələ e.ə. III-II minilliklərdə taxılçılığı, yəni əkinçiliyi, eləcə də toxuculuq sənətini türklərdən öyrəndiklərini və bu sahələrlə bağlı terminləri də onlardan aldıqlarını göstərir. Hazırda rus dilində işlənməkdə olan “luk” (yay. “Ox” sözündən yaranıb), “oxota” (ov. “Ox at” ifadəsindən törəyib), “oblava” (ovlama), “sobaka” (it. “Söbək // köpək”) … və s. kimi terminlər deyilənlərə gözəl misaldır.

Bütün bu deyilənlərə Firudin Ağasıoğlunun aşağıdakı fikirlərini də əlavə etmək lazımdır:

“Əkinçilik mədəniyyətindən xəbər verən kotan sözü erməni, gürcü dillərində qutan, Dağıstan dillərində kutan şəklində işlənir. Q. A. Klimov bu sözün bəzi İran dillərində və suriya dilində də olduğunu nəzərə alıb, onun türk dilləri vasitəsi ilə Qafqaz arealına yayıldığını ehtimal edir”.

(Səh. 69): Öncələr elə hesab edilirdi ki, Azərbaycanda dulus çarxı yalnız son Tunc dövründən tətbiq edilməyə başlamışdır. Dulus çarxının kəşf və ilk dəfə tətbiq edildiyi yerin isə qədim Şumer ərazisi olduğu hesab edilirdi. Ölkəmizin ərazisindən əldə edilmiş arxeoloji tapıntılar dulus çarxının ilk dəfə kəşf edilib, tətbiq edildiyi məkanın məhz Azərbaycan ərazisi olduğunu söyləməyə əsas verir və bu, məhz son Eneolit dövründə baş vermişdir. Maraqlıdır ki, qədim yunan müəllifləri dulus çarxının kəşfini  iskitlərə, başqa sözlə türklərə aid etmişlər. Məsələn,Posidoniy və  Seneka saxsı qabların hazırlanmasında istifadə olunan dulus çarxını iskit Anaxarın icad etdiyini yazmışlar.

(Səh. 70): …  ilk kömürləşmiş xalça qalıqlarının və gil qablarda əksi qalmış toxuma izlərin tapıldığı yer  Şərqi Anadolu və Azərbaycan ərazisidir …

(Səh. 71): … Söhbət  Feofilakt Simokattanın qələmə aldığı çox önəmli bir məlumatdan gedir. Həmin məlumatdan belə aydın olur ki, Sasani şahı ll Xosrov Suriyadakı məbədlərin birinə hun əl işi olan ipək toxuma məmulatı hədiyyə etmişdi. Hadisə Vl əsrin sonları-Vll əsrin əvvəllərində baş vermişdir.

(Səh. 72): Avropa dillərində yayğın olan “karpet” kəlməsinə gəlincə isə, bu termin də ayrı – ayrı türk ləhcələrində “qarvud”, “karvud”, “karput”, “karpot” kimi adlandırılan və tərəkəmələr tərəfindən toxunan  xüsusi xalça növünün adından qaynaqlanır. Lətif Kərimovun yazdığına görə, bu kəlmənin əsli  “karpot”  şəklindədir. O, “kar” (qarışıq) və “pot” ( əyrilmiş sap) sözlərindən yaranmışdır ki, hər iki söz təmiz türk mənşəlidir. Bu kəlmə erməni dilinə də “karpet” (xalça) formasında keçmişdir. Elə bu faktlar da bu sənət növünün bilavasitə bizə aid olduğunun əlavə və təkzibedilməz sübutlarıdır.

(Səh. 73): … Pliniy Sekund misgərlik sənətinin əsasını iskit xaqanı Lidin qoyduğunu bildirmişdir. Qədim yunanlara görə, ümumiyyətlə, metallurgiyanın kəşfi iskitlərlə, yəni türklərlə bağlıdır. Belə ki, Esxil İskitlər ölkəsini dəmirin doğulduğu ölkə adlandırmış, Mitelenli Hellanik isə ilk dəmir alətləri iskitlərin xaqanı Sansvinin qayırdığını yazmışdır.

Söz sənətimizin qədim kökləri

(Səh. 75): Lev Qumilyov özünün məşhur “Qədim türklər” kita-bında ən qədim zamanlardan etibarən türklər arasında “yada daşı”, yəni cadu daşı adlanan magik daşların köməyi ilə quraqlıq zamanı yağış yağdırmağın mümkünlüyünə inamın mövcud olduğunu qeyd etmiş və türklərin bu sənətlə məşğul olduqları barədə müxtəlif qaynaqlarda məlumatlar bulunduğunu yazmışdır.

(Səh. 76-78): Türklərin yağış yağdırmaq gücünə sahib olan daşlardan istifadə etdikləri barədə bir çox müəlliflərin,o cümlədən Təbəri, Səəlibi, Balimi, Firdovsi, Mirxond, Sebos və başqalarıının əsərlərində, eləcə də Vll əsrin anonim Suriya və X əsr fars anonim mənbələrində çox sayda məlumat olduğunu  söyləyən Lev Qumilyov daha sonra yazır ki, yalnız Firdovsi bu halı izah etməyə çalışmış və baş verənləri kütləvi hiptnoz kimi şərh etmişdir. Qədim türklərin bu sənəti “yada”, yəni cadu adlandırdıqlarını diqqətə catdıran müəllifin bildirdiyinə görə, ayrı – ayrı türk xalqlarında bu inam XX əsrin əvvəllərinə qədər davam etmişdir.                                                   

Dilçi alim Firudun Ağasıoğlu yazır:

            “Təbərinin yazdığına görə, Həzrət Nuh peyğəmbərin oğlu, türklərin ulu babası hesab edilən Yafəs türk xalqına yağış yağdıran yada daşı vermişdir. Başqa bir rəvayətdə isə həmin daşın türklərə Həzrət İbrahim peyğəmbərdən miras qaldığı bildirilir”.

Müəllifi məlum olmayan, Xlll əsrdə fars dilində qələmə alındığı bilinən “Əcaib əd-dünya”, yəni “Dünyanın qəribəlikləri” adlı kitabda da maraqlı bir qeydə rast  gəlmək mümkündür:

             “Deyirlər ki, Ərdəbildə böyük daş var, əlinlə onu vurduqda xoş səs çıxarır. Quraqlıq düşdüyü zaman bu daşı şəhərdən kənara çıxarırlar və o saat yağış yağır. Onu yenidən şəhərə qaytaranda yağış kəsir”.

(Səh. 80): “Folklorşünas Azad Nəbiyev yazır: … Günəşin çıxmasını arzulayan insanlar Baba dağından gətirilmiş daşları ocaqda, küldə basdırar və ocaqda xəşil bişirərdilər. Xəşili ananın ilki çalmalı idi. Ovsunçu basdırılan daşların  üstünə közləri yığa-yığa ovsun oxuyardı:                                                          

                      “Qodu daşı,

                        Odu daşı,

                        Qodu kəssin

                        Yağışı”.

(Səh. 81): Qarğalar təpəsindən tapılan ocaq yeri və ocaqdan qaralmış daşlar bu qə-dim türk inancının köklərinin ən azı Eneolit dövrünə, yəni 6-8 min il öncələrə qədər uzandığını və bu mərasim zamanı oxunan ovsunların da 6-8 min il öncəyə aid poetik nümunələr olduğunu sübut edir.

(Səh. 83): Maraqlıdır ki, əcdadlarımız mağaralardan özlərinin qurduqları evlərə köçərkən, əski evlərinin, yəni mağaraların adlarını yeni yaşayış yerlərinə daşımışlar. Beləcə, ana dilimizdə “ev” termini və onun müxtəlif şivə variantları və sinonimləri meydana çıxmışdır:

OV-EV

OY-ÖY

EŞ-EŞİK, EV-EŞİK”.

(Səh. 85-86): … Eneolit dövründə yaşamış əcdadlarımız dulusçuluq sənətini kəşf etməmişdən öncə qab kimi içi ovulmuş qabaqdan istifadə edərmişlər. Və bu, gil qabların istifadəyə girməsindən sonra da uzun əsrlər boyu məişətdə davam etmişdir.

Bu fakt dilimizdəki “qab” və “qapaq” kimi terminlərin “qabaq” və “qabıq”kimi sözlərdən törədiyini və sözügedən yeni terminlərin məhz Eneolit dövründə, yəni ən azı 6-8 min il öncə yarandığını sübut edir.

(Səh. 87): Azərbaycanda geniş yayılmış ovsun folkloru nümunələrindən biri də “Qurd ağzı bağlama” ovsunudur.Maraqlıdır ki, Gəmiqaya təsvirləri içərisində rast gəlinmiş bir təsvir bilavasitə qurd ağzı bağlama ovsunu ilə birbaşa bağlıdır. Sözügedən petroqlifdə qurd və qoyun,eləcə də onların arasından keçə-rək onları bir-birindən ayıran və ucu yumağa çevrilən ip şəkli çəkilmişdir.

Yazı mədəniyyətimizin yazıyaqədərki dövrü

(Səh. 100): Tanınmış qumuq tədqiqatçısı Murad Aci yazır: “Praktik insanlar olan türklər, demə, öz qılınc, dəbilqə və zirehlərini, eləcə də at nəsnələrini bəzəmək xatirinə bəzəmirdilər. Naxış onun sahibinin bu və ya digər soy və ya boya mənsub olduğunu bildirirdi, yəni işarə rolunu oynayırdı. Beləcə soyun birliyi vurğulanmış olurdu. Türklərdə hətta ornamentlər standartlaşdırılırdı. Çünki naxışlar informasiya daşıyıcısı idilər.

Bu informasiyanı çox istedadlı və diqqətli adam olan çuvaş alimi Trofimov orijinal yolla və çox uğurla deşifrə edə bilmişdir”.

(Səh. 101): … türkmən şairi Əndalipin qələminə məxsus “Oğuznamə”də … əski türk hərflərinin 24 oğuz boyunun tamğalarından törəndiyi vurğulanmışdır.

(Səh. 103-104): Məlum olduğu kimi, türk xalqlarının, o cümlədən Azərbaycan türklərinin folklorunda əjdahanın günəşi udması ilə bağlı süjet geniş yayılmışdır. Bu süjet digər türk xalqlarının da folkloruna keçmişdir. Şübhəsiz ki, bu mifoloji süjetin əsasını Günəşin üzünün qara buludlar tərfindən örtülməsi kim real təbiət hadisəsi təşkil etməkdədir. Buludun əjdaha ilə eyniləşdirilməsinin səbəbi isə odur ki, qədim türk dilində həm buluda, həm də əjdahaya “buka” deyilmişdir.Yəni “buka”ifadəsi həm “bulud”, həm də “əjdaha” sözünün sinonimi idi. Üstəlik də bulud mənasındakı “buka” ilə əjdaha mənasındakı “buka”omonim sözlər idi.

… İlk öncə qeyd etmək lazımdır ki, qədim türk dilində “qoyun” sözünün “koy” və “ud” kimi sinonimləri olmuşdur. Bu sinonimlərdən “ud” eyni zamanda “udmaq” felinin kökü olan “ud” kəlməsi ilə omonimdir. Deməli, buradakı “qoç” işarəsi ilə “ud” kəlməsi yazılmış və bu kəlmə udmaq mənasında işlənmişdir. Odur ki, xalcadkı ideoqrafik yazı belə oxunmalıdır: Buka, yəni bulud və ya əjdaha Günəşi uddu.

Əşya yazısından piktoqrafiyaya, piktoqrafiyadan ideoqrafiyaya doğru

(Səh. 115): Tarixçi alim A.Seyidov bildirir:

“Naxçıvan ərazisi çox-çox qədim zamanlardan, eramızdan əvvəl 6-cı minillikdən başlayaraq,yaxın Şərq və Qafqazın müstəqil metallurgiya mərkəzlərin-dən biri kimi çıxış etmişdir. Burada çox sayda qədim metal məmulatı nümu-nəsi,eləcə də metal emalı sənayesi qalıqları tapılmışdır ki,bu da Naxçıvanda ən qədim zamanlardan metallurgiya sahəsində bilik və vərdişlrin ortaya çıxdığını sübut edir.Eyni zamanda bu tapıntılar bir sıra həllini gözləyən məsələlərin həllinə yardım edir.

(Səh. 116): … Yer üzündə ən qədim kurqan qəbirlərinin izlərinə məhz Azərbaycan ərazisində rast gəlinmişdir. Söhbət son Eneolit dövründən və Ağstafa rayonu ərazisindən gedir.

(Səh. 118): “Elmi ədəbiyyata Soyuqbulaq kurqanları kimi düşən bu kurqanlar təkcə Qafqazda deyil, eyni zamanda bütün dünyada məlum olan ən qədim kurqanlardır.”

(Səh. 190): … “Əl-Übeyd mədəniyyəti” adı ilə məşhur olan mədəniyyət qədim Messopatamiyanın, yəni bugünkü İraq ərazisində, Dəclə və Fərat cayları arasında Nuh tufanından öncə yaşamış insanların yaratdıqları və tufan zamanı onu yaradanlarla birlikdə məhv olmuş mədəniyyətin adıdır. “Erkən Uruk mədəniyyəti” kimi tanınan mədəniyyət isə tufandan sonra Messopatamiyaya köçərək orada böyük bir sivilizasiyanın əsasını qoymuş xalqın-şumerlərin yaratmış olduqları zəngin mədəniyyətin adıdır. Tədqiqatçılar Əl-Übeyd mədəniyyətinin şumer, yəni erkən Uruk mədəniyyətinin sələfi olduğunu, ikincinin birincisinin üzərində ucaldığını söyləyirlər. Fəqət Messopatamiya ərazisində bu iki mədəniyyəti bir-birindən Nuh tufanının nəticəsi olan qədim və qəlın lil qatı ayırır. Azərbaycanda isə bu iki mədəniyyət iç-içədir və onlar arasında qırılma müşahidə edilmir. Bu isə şumer mədəniyyətinin Azərbaycanda formalaşdığını və qədim şumerlərin Azərbaycan ərazisindən Messopatamiyaya köçdüyünü sübut edir.

Şumerlər kimdir?

(Səh. 122): Şumerlər haqqında ən yeni və mötəbər əsər nəşr etdirən Vooley şumerlərin morfoloji cəhətdən əski türkcəyə bənzər bil dildə danışdığını qəbul edir: “Şumerlər türkdür, şumerlər türk olduğu məsələsinin çoxlu sübutları var:

  1. Dil sübutu;
  2. Geoloji və arxeoloji sübut

Şumerlər və Azərbaycan

(Səh. 128): … qədim Şərq tarixinin gözəl bilicisi Erix Tseren vaxtilə yazmışdır:

“Alimlərin çoxu şumer dilini türk dili saymış və bu gün də saymaqda davam edirlər”.

Şumer və türk dillərinin qohumluğu müddəasını ilk dəfə sürənlər görkəmli dilçi alimlər Hommel və Qroznı olmuşlar.

(Səh. 134): Oljas Süleymenov 60 şumer sözünü türk sözləri ilə müqayisə edərək, hər iki dilin leksikonunun eyni bazaya malik olduğunu göstərmişdir.Özü də bu halda həmin 60 söz Dyakonovun nümunə kimi göstərdiyi 100-dən bir qədər artıq şumer sözü içərisindən seçilmişdir.Bu isə o deməkdir ki, 5 min öncəki türk dilində,yəni şümer dilində mövcud olmuş sözlərin ən azı 60 faizi  bu gün də öz yaşarlılığını sürdürməkdədir.

(Səh. 139-140): Mütəxəssislərin bir çoxunun qeyd etdiyi kimi,eləcə də Qobustandakı şumer gəmi təsvirlərinin və Ağstafa rayonu ərazisindəki arxeoloji tapıntıların da sübut etdiyi kimi,qədim şumerlər bugünkü İraq ərazisinə məhz Azərbaycandan köçmüşdülər.Bunu Gəmiqayadakı araba təsvirləri də sübut edir.

Alimlər təkəri və arabanı şumerlərin kəşf etdiklərini bildirməkdə-dirlər.Gəmiqayadan tapılan bu rəsm sözügedən kəşfin Azərbaycan ərazisində edildiyini,şümerlərin də bu sahədə bilikləri İkiçayarasına Azərbaycandan apardıqlarını söyləməyə əsas verir.                                                          

          “Oğuznamə”nin verdiyi bir məlumatdan belə aydın olur ki,arabnın kəşfi məhz türk-oğuz mühitində baş vermişdir:

          “Vuruşdan sonra Oğuz Kağanın ordusuna,əsgərlərinə,el-gününə o qədər çox qənimət düşdü ki,yükləyib daşımağa at,qatır,öküz azlıq etdi.Oğuz Kağanın ordusunda təcrübəli,usta bir kişi vardı.Onun adı Barmaqluq Cosun Bilik idi.Bu usta bir araba qayırdı.Arabanın üstünə cansız qənimətləri qoydu,canlı qənimətləri arabaya qoşdu.Dartdılar,getdilər.Əsgərlər,el-gün bunu görüb mat qaldı.Arabalar düzəltdilər.Kanğa,kanğa deməklə kanğa sözü belə yarandı.Bunun üçün də onlara kanğa adını qoydular.”

         Maraqlıdır ki qədim mixi yazılarda şumerlər özlərini kəngər və kanq adlandırırlar.

Muğ, yaxud maqlar

(Səh. 142): … iki qəbilədən biri – buslar – ölkənin siyasi, maqlar isə dini həyatında əsas rol oynayırdılar.

(Səh. 151): 553-cü ildə Göytürk imperiyasında hakimiyyətə gələn Kara İssık Xaqan-Kuşu özünə Muğan titulunu götürür və bu titulla da qonşularını lərzəyə salaraq üç il müddətində demək olar ki, Avrasiyanın böyük bir ərazisini imperiya torpaqlarına qatır.

Kökü minilliklərin dərinliklərinə uzanan dil bağlılığı və adət-ənənələr

(Səh. 157): Şumerlər öz ölülərini kurqanlarda basdırırdılar və kurqana “kur”, yəni gor deyirdilər.

(Səh. 169-170): Son Eneolit və İlk Tunc dövrü qaya təsvirləri üçün xarakterik olan əsas cəhətlərdən biri qayalarda cızılmış təsvirlərin realistikliyidir. Bu dövrdə ən çox rast gəlinən petroqliflər müxtəlif maral və aslan təsvirləridir. Qobustandakı Yazılı təpənin 24 №-li daşında cızılmış realistik səpkili maral silueti özündən əvvəlki dövrlərə aid təsvirlərdən öz gözəlliyi ilə fərqlənməkdədir. Eyni sözləri Böyükdaşın yuxarı mərtəbəsindəki 59 №-li daşda təsvir edilən qoşa maral təsviri barədə də söyləmək olar.

Bu motivlər sonrakı minilliklərdə türklərin yayıldığı bütün bölgələrdə, yəni Avropanın içlərindən uzaq Sibir, Altay və Qobi çollərinə qədər səpələnmiş və elmi ədəbiyyata ―İskit maral daşları‖ adı altında düşmüş daşlarda, daha sonra isə iskit zərgərlik və xalça sənətində yüzillər boyu davam edərək təkmilləşmişdir. Qobustan marallarının elmi baxımdan əsas önəmi ondadır ki, bu təsvirlər iskit (türk) mədəniyyətinin köklərinin bilavasitə Azəbaycan ərazisi ilə bağlı olduğunu söyləməyə ciddi əsas verir. Onsuz da bu mədəniyyətin ən qədim nümunələri Cənubi Azərbaycan ərazisindəki Ziviyə kurqanından tapılmışdır və bu fakt istər-istəməz, iskit incəsənətinin ölkəmizlə bağlı olduğuna dəlalət edir. Fəqət Qobustan təsvirləri eynən Soyuqbulaq kurqanları kimi bu mədəniyyətin daha dərin köklərini gözlər önünə sərməkdədir.

(Səh. 176-177): … avropalı alimlər bu qədim mədəni xalqın avropoid irqinə mənsub olmasından heyrətlənmiş və çinli həmkarları ilə birlikdə mumiyalardan gen nümunələri götürərək onları hind-Avropa xalqlarının genləri ilə tutuşdurmuş və məlum olmuşdur ki, onlar hind-Avropa mənşəli deyillər. Sonra isə onların genləri Pazırıq kurqandan tapılan və Ermitajda saxlanılan mumiyanın gen nümunələri ilə müqayisə edildi və məlum oldu ki, hər iki mədəniyyətin daşıyıcıları eyni xalqdır. Sonrakı genetik tədqiqatlar isə göstərdi ki, həm “Çin mumiyalarının”, həm də Pazırıq mədəniyyətinin yaradıcıları türkdürlər və avropoid irqinin kaspi (oğuz) qoluna mənsubdurlar. Yəni qəbirlərinə və skeletlərinə Çində (e.ə. ll minillik) və Altayda (e.ə. V-lV əsrlər) rast gəlinmiş türklər avropoid idilər və monqoloid  aborigenlərdən fərqli antropoloji özəlliklərinə sahib  idilər, başqa sözlə, Çin və Altayın aborigenləri olmamışlar və Qərbdən gəlmişdilər.

(Səh. 178): Türklərin yay çəkmə bacarığı haqqında məlumatlara ərəb və farsdilli mənbələrdə daha çox tuş gəlirik. Bəsrəli Cahiz türklərin bu fitri qabiliyyətini incədən – incəyə açıqlamışdır: “Əgər min türk süvari oxu çəkib bir dəfə atsalar, min atlı həlak olacaq və belə zərbədən sonra ordudan heç bir əsər qalmayacaq. Nə xarici, nə bədəvi atı üstündə belə ox ata bilmir. Türk isə oxşar şəkildə həm vəhşi heyvanları, həm quşları, həm yarış zamanı nişani, həm adamları, həm hərəkətsiz fiquru, həm çəkilmiş təsviri, həm də yırtıcı quşları oxlayır. O, ox ata-ata öz atını irəli, geri, sağa – sola, yuxarı, aşağı sürür, xarici bir ox atınca türk doqquzunu atır…”

(Səh. 180-181): Sənətşünas alim Rasim Əfəndi deyir:

1946-cı ildə Dərə Xınıslı kəndində tapılmış daş heykəl xüsusilə maraqlıdır. Yerli əhəng daşından yonulub düzəldilmiş bu heykəl ucaboylu, naməlum bir şəxsi təsvir edir. Həmin fiqur  bu ərazidə aşkar edilmiş bir neçə başqa heykəl kimi başsızdır. Baş yerinin formasından məlum olur ki, fiqurun başı sonralar hansısa səbəbdən sındırılmışdır. Fiqurun əllərinin vəziyyəti də bu ərazidə tapılan əksər heykəllərdə olduğu kimidir. Onların əksəriyyətində sol əl ürək, sağ əl isə bel tərəfdə təsvir edilmişdir.

(Səh. 185-186): … yallı rəqsləri xüsusi önəm daşımaqda və kökü ən azı Mezolit dövrünə qədər uzanan bu rəqsin Tunc dövründə də dəbdə olduğunu göstərməkdədir. Fəqət dövrün təsviri sənəti və musiqi mədəniyyətini öyrənmək baxımından Təbriz yaxınlığındakı Cığamış yaşayış məskənindən tapılan və eradan əvvəl  lll minilliyə aid edilən bir daşın önəmi heç bir ölçüyə sığmır. Bu daşın üzərindəki təsvir özünün realistliyi və yüksək sənət nümunəsi olması ilə seçilir.Lakin həmin təsviri əhəmiyyətli edən onun təkcə bu məziyyəti deyil, həm də  daşıdığı informasiya yüküdür. Təsvirdə Azərbaycanın qədim musiqi alətlərindən olan cəng, qara zurna, qoşanağara və saxsı qablarda ifa edən musiqiçilər qrupu, başqa sözlə dünyanın elmə məlum ən qədim orkestrı, eləcə də eynən bu günkü xanəndələr kimi əlini qulağının dibinə qoyub mahnı ifa edən müğənni təsvir edilmişdir. Bu tapıntı sayəsində qədim musiqi mədəniyyətimiz, alətlərimiz, ifaçılıq və vokal sənətimiz barədə müəyyən təsəvvür əldə etmiş oluruq.

Musiqişünas alim Rafiq İmrani deyir ki, Cığamış təsvirində biz dünyanın ən qədim orkestrini və qədim musiqi alətlərimizi görürük. O dövrdə musiqi mədəniyyəti çox yüksək səviyyədə olmuşdur və bunu amerikalı mütəxəssislərin üzə çıxararaq çözə bildikləri qədim şumer notları sübut edir. Sözügedən notlarda ifadə edilən musiqi özünün professionalizmi ilə seçilir və öz səs steminə görə Azərbaycan musiqisinə tam uyğun gəlir. Tədqiqatlar nəticəsində məlum olmuşdur ki, Azərbaycan muğamının kökləri şumer mədəniyyətinə dayanır.

Qədim türk yurdu – Azərbaycan və Anadolu

(Səh. 204-205): Tanınmış şərqşünas alim Ədalət Tahirzadə isə bildirir:

“Professor Helmoltun ümumi redaksiyası altında 120 tarixçi alimin birgə yazdığı “Ümumi bəşəriyyət tarixi” əsərinin 2-ci cildində,Atropatenaya, yəni Azərbaycana həsr edilən bölümdə belə deyilir: “Tarixin göstərə bilmədiyi məchul bir zamandan bu yerlərdə başdan-başa türklər yaşamaqdadır.”

          Eyni fikri bir çox başqa qaynaqlar da təsdiqləyir. Məsələn, Übeyd ibn Şəriyyə əl-Cürhuminin 7-ci əsdə qələmə aldığı “Xəbərlər” əsərində yazılır ki, xəlifə 1-ci Müaviyə Azərbaycanın işğalı ərəfəsində ordu komandanından Azərbaycan barədə nə bildiyini soruşmuş, o da cavab vermişdir ki, Azərbaycan ən qədimdən türklər ölkəsidir və orada türklər yaşayır.

Musa Kağankatlı özünün “Alban tarixi” kitabının Albaniyanın, yəni Azərbaycanın ilk şahlarını sıralayarkən birinci yerdə Nuh oğlu Yafəsin, ikinci yerdə onun oğlu Qamərin, dördüncü yerdə isə onun nəvəsi Toqarmanın adını çəkir.

Musəvilik dinini qəbul etmiş xəzər xaqanı İosif ona xəzər türklərinin mənşəyi barədə verilən sualın cavabında bildirmişdi ki, xəzərlər Toqarmanın 10 oğlundan biri olmuş Xəzərikin nəslindəndirlər .Maraqlıdır ki, xaqan İosif Toqarmanın, yəni Həzrət Nuhun nəvəsi və Azərbaycanın 4-cü şahının digər oğullarının da adını cəkmişdir. Bu oğulların da hər biri özünün adı ilə adlandırılan bir türk xalqının soybabası olmuşdur.

(Səh. 206): Firudin Ağasıoğlu deyir:

“Xaqan İosif yazdığı məktubda xəzərlərə yaxın qohum olan 10 soyun adını çəkir. Həmin soylar bunlardır: Uyğur, Turis, Avar, Oğuz, Bizal, Trna, Xəzər, Yanur, Bulqar və Savir”.

(Səh. 207): Türklərin adının Azərbaycan sakinləri kimi hələ eradan əvvəl akkad və aşşur mixi yazılarında “turukku” kimi qeyd edildiyini ilk dəfə təsbit edən tanınmış alim Zelen Yampolski olmuşdur. O, türklərin mənşəyi və ilk ana yurdu barədə o vaxta qədər rus-sovet tarixşünaslığında mövcud olan rəsmi baxışlara qarşı çıxaraq bildirmişdi ki, akkad mənbələri “türk” etnoniminin qeydə alındığı ən qədim yazılı mənbələrdir.

Lullubilər, Avropada yaşayan qədim türklər və kutilər

(Səh. 221): A. N. Bernştam hələ sovet illərində maraqlı bir mülahizə irəli sürmüşdü: “Türklərin substrat etnogenezi birbaşa hunlardır, hunların isə bilavasitə sələfləri iskitlərdir. Hunlar – həm asiyalılar, həm də avropalılar iskit bətnindən əmələ gəlmişlər. Hunları türklərlə bağlayan nəzəriyyə belə deməyə əsas verir ki, iskitləri də türk adlandıraq”.

(Səh. 259): … arxeoloji materiallar sübut edir ki, iskit (skif) və saqların həm Orta Asiya, həm Qara dəniz sahilləri, həm də Azərbaycan və Anadolu mədəniyyəti eyniyyət təşkil etməklə yanaşı Orta Asiya arxeoloji materiallarının cavan olması da göz önünə gətirilir. Belə ki, iskit (skif) və saqa abidələrinin yaşı Orta Asiyada VI-VII əsrlərə aid edilirsə, Qara dəniz sahillərində eramızdan əvvəl I minilliyə, Azərbaycan və Anadoluda isə eramızdan əvvəl II minilliyə və daha sonralara aid edilir.

… deməli, iskit (skif), saq, qamər, bütövlükdə isə türk boylarının şimala, Orta Asiyaya, ümumən Doğu, Avropa, Batıya yayılma arealının Azərbaycan və Anadoludan başlamasının isbatına ehtiyac qalmır.

Ser və türk sirləri

(Səh. 299-300): Əbdürrəhim bəy Haqverdiyev vaxtilə yazmışdır:

“Qədim Azərbaycanda ölən qəhrəmanlar üçün ağlamaq bir adət olmuşdur. Həmin günü camaat bir yerə toplaşardı. Bu toplaşmaya “yuq” deyirdilər. Toplananlar üçün qonaqlıq düzələrdi, xüsusi dəvət olunmuş yuğçular isə ikisimli qopuz çalıb, oynayardılar. Yuğçu əvvəlcə qəhrəmanın igidliyindən danışıb, onu tərifləyirdi. Sonra isə qəmli havaya keçib şanlı qəhrəman üçün ağı deyərdi. Toplaşanlar da hönkür-hönkür ağlayardı… Ölünü ağlamaq,cənazəsi üstündə saç yolmaq adət halını almışdı”.

Dilimiz sərvətimizdir

(Səh. 302-303): Kaşğarlı Mahmudun yazdığına görə, Türküstandakı Barsqan, Sayram və Koyaş şəhərlərini Alp ər Tonqa saldırmışdır. 12 illik türk dövri heyvan təqvimini də o icad etmişdir.Əski fars qaynaqlarında onun Xorəzm, Xorasan, İran və Azərbaycanda çox sayda şəhər saldırdığı qeyd edilməkdədir. Məsələn, Sasanilər dövründə pəhləvi dilində qələmə alınan, müəllifi bilinməyən və elm aləmində şərti olaraq “İran şəhərləri” adlanan bir kitabda Aturpatakandakı, yəni Azərbaycandakı Gəncə şəhərinin əsasının Əfrasiyab, yəni Alp Ər Tonqa tərəfindən qoyulduğu qeyd edilir.

Zərdüştün “Avesta”sında bu şəhərin adı Qanqxa kimi çəkilir və onun Turanın taxt şəhəri olduğu, Turan xaqanının da bu şəhərdə otuduğu qeyd edilir.

Avesta haqqında

(Səh. 313): Dediyimiz kimi, Diogen Laertli Aristotelə şəhadət gətirərək maqların tarixinin misirlilərdən qədim olduğunu bildirir. Bunu İlqar Əliyev də danmır. Lakin bununla yanaşı, o, razılaşır ki, farsdilli tayfaların bu əraziyə gəlmələri eramızdan əvvəl IX-VIII əsrlərə təsadüf edilir. Məntiqlə alınmır axı, cənab tarixçilər!

(Səh. 315): … abidənin hind dilində yazılmış kitabəsində açıq-aydın görünür ki, bu abidə bir neçə əsr öncə hindli zəvvarlar tərəfindən tikilmiş Şiva məbədidir.

… Suraxanıdakı abidənin nə atəşpərəstlik, nə də zərdüştiliklə heç bir əlaqəsi yoxdur.

(Səh. 317-318): Bəzi tədqiqatçıların fikrincə, Novruz bayramı zamanı tonqal üzərindən atlanılması zərdüştiliklə bağlıdır. Lakin bu  fikir kökündən yanlışdır. Çünki mərasim zamanı tonqal üzərindən atlananlar “Ağırlığım, uğurluğum odda yansın!” – deyirlər ki, zərdüştiliyə görə oda belə demək günahdır. Çünki bu dinin kanonlarına görə atəş müqəddəsdir, ona hətta insan nəfəsi belə toxunmamalıdır, insan öz nəfəsi ilə müqəddəs odu murdarlaya bilər. Od üstündən hoppananların isə belə demələri odun təmizləyici qüvvəyə sahib olması barədə əski türk inancı ilə bağlıdır.

Məsələn, Türk xaqanının yanına göndərilən Bizans heyətinin başçısı olmuş Menandrın yazdığına görə, onları xaqanın yanına aparmamışdan öncə odla təmizləmə mərasimindən keçməyə, yəni iki od arasından keçməyə məcbur etmişdilər. Təbii ki, oda bu münasibət zərdüştilərin münasibətindən köklü surətdə fərqlənir. Vll əsrin yunan müəllifi Feofilat Simokattanın yazdıqları da çox maraqlıdır.

“Türklər hər şeydən çox oda ehtiram edirlər, hava və suya da ehtiramları böyükdür, torpağa həsr edilmiş himnlər oxuyurlar. Sitayişi isə “Tək Tenqri” adlan-dırdıqları yeri və göyü yaradana edirlər. Ona at, qoc və öküz qurban verirlər”.

Ulu babalarımızın əski inancları

(Səh. 325-326): “… Cənubi Azərbaycan ərazisində Göytəpədən tapılmış, eramızdan əvvəl 10-cu əsrə aid daş qoç fiquru ölkəmizdə tapılan hələlik ən qədim daş qoç fiquru hesab edilir”.

(Səh. 330): Azərbaycan ərazisində tapılmış ən qədim at fiquru orta Tunc dövrünə, başqa sözlə eradan əvvəl 2-ci minilliyə aid edilən gil heykəldir ki, Cənubi Azərbaycanın Maku şəhərindən əldə edilmişdir.

Ulu ölkə, ulu mədəniyyət

(Səh. 338): … eramızdan əvvəl I əsrdə Siciliyalı Diodor yazır ki, saklar və massagetlər böyük skif xalqına aiddirlər.

Herodot iskitləri çoxsaylı tayfalara bölür və onların harada yerləşdiklərini dəqiq göstərir. Belə ki, XIX əsrə, yəni Herodotun “Tarix” kitabı Avropaya tanış olmayana qədər, belə rəy yaradılmışdı ki, skiflər, türklər, saklar həmişə köçəri tayfa olmuşlar. “Tarix” Avropada bəlli olduqdan sonra bu fikrin yalnışlığı sübut olundu. Herodot bəzi iskit tayfalarının oturaq, bəzilərinin köçəri həyat yaşadığını göstərir, onların hansının maldarlıqla, əkinçiliklə, balıqçılıqla məşğul olduqlarını qeyd edir. Herodot bütövlükdə İskit elinin uzunluğunun 40000 stadiya təşkil etdiyini yazır.

(Səh. 360-361): … Türklər son Eneolit dövründən başlayaraq İslama qədər, yəni təxminən 5000-5500 il ərzində öz ölülərini kurqanlarda basdırmışlar və bu mədəniyyətin xarakterik cəhətləri yeraltı hissənin əsasən dördkünc şəkildə daşdan inşa edilmiş olması, qəbrin üzərində daş və ya torpaqdan təpə ucaldılması, ölünün qəbrə əsasən yarımbükülü vəziyyətdə qoyulması, meyitin baş tərəfində qab olması və sairədir.

Eradan əvvəl 5-ci əsrdə yaşamış böyük yunan tarixçisi Herodot iskitlərin, yəni türklərin dəfn adətindən söhbət açaraq, onların öz ölülərini dördkünc daş qəbirlərə qoyduqlarını və qəbrin üstündə böyük təpə ucaltdıqlarını qeyd etmişdir. Eyni şeyi orta əsr müsəlman ərəb müəllifi İbn Batutə də bildirməkdədir. Maraqlıdır ki, hun türklərinin dəfn adətindən söhbət açan qədim Çin mənbələrində söylənilənlər də Herodot və İbn Batutənin söylədikləri ilə üst-üstə düşür.

Dünyanın ən qədim dili

(Səh. 381): … Run əlifbası ilə qeydə alınmış ən son əsərlər 1150-1216-cı illər arasında qələmə alındığı ehtimal edilən “Sakson qrammatikası”, XIV əsrə aid Danimarka təqvimi və XV əsrə aid “Məryəmin iztirabları” adlı əsərləridir.

(Səh. 384-385): Elməddin Əlibəyzadə yazır:

“1924 – cü ildə Fransanın Vichy bölgəsində bir ərazi – mülk sahibi 3 min parçadan ibarət olan kitabə aşkar etmişdir. Qlozel muzeyində saxlanılan bu kitabələrin oxunması problem olaraq qalırdı. M.ö. 2500 – cü il aid edilən bu kitabələr türk alimləri Xaluq Tərcan və Kazım Mirşan tərəfindən oxunaraq, əlibanın “öntürk”cə olduğu təsdiq edildi. Sarbon Universitetində keçirilən “Əlifba yazının başlanğıcı və Qlozel kitabələri” adlı konfransda kitabədəki hərflərlə bağlı illər boyu davam edən mübahisələrə son qoyuldu. Kitabələrdəki hərflərin qarşılıqlı müqayisəsi, aralarındakı qabarıq bənzərliyin sübutu salondakı müxtəlif millətlərdən olan elm adamlarını inandırdı, verilən izahat, gətirilən dəlil və sübutlar böyük alqışa səbəb oldu.

Kazım Mirşan kitabələrdəki hərflərin “öntürk” hərfləri olduğunu aydınlaşdıraraq dedi: “Kitabələrdəki əlifba etrusk əlifbasına çox yxındır. Etrusk əlifbası, daha gec çağlara aid latın əlifbasını doğurmuşdur.Etruskca ilə heç bir bağlılığı olmayan yunan əlifbasının da öntürklərə əsaslandığını bilirik. Finikiya və kirill əlifbaları da xüsusi bir istisnalıq təşkil etmir, bunun bir çox nümunələrini verən çoxlu kitabələr mövcuddur. “…Bütün bu alqışa layiq kəşf, açıqlamalar və elmi fikir məlum “Orxon – Yenisey” yazılarının məhz miladi tarixin məhsulu deyil, çox qədim dövrlərdən inkişaf edib gələn təkmil bir əlifba yazısı olduğunu sübut edir”.

Azərbaycan xalqının etnogenezində iştirak etmiş türk soy və boyları

(Səh. 397): Musa Kağankatlı özünün “Alban tarixi” kitabında Yafəs soyundan olan Albaniya hökmdarı Aranın adını çəkərək bildirir ki, albanlar,utilər və qarqarlar bu hökmdarın nəslindəndirlər.Bu məlumatı əldə əsas tutan və utiləri qafqazdilli udinlərlə eyniləşdirən bəzi mütəxəssislər utilərlə birlikdə albanları və qarqarları da qafqazdilli xalq hesab etmişlər.Halbuki, utilər və udinlər ayrı-ayrı xalqlar olmuş və Albaniyanın öz adları ilə adlanan iki fərqli bölgəsində yaşamışlar.Bu bölgələrdən biri Bərdə ətrafında yerləşirdi və Uti vilayəti adlanırdı. Digəri isə Şəki ətrafında idi və Udin vilayəti adlanırdı.

Musa Kağankatlı yazır:

“Müqəddəs Ruhun mərhəməti ilə üç xalqa,yəni ermənilərə,albanlara və gürcülərə əlifba düzəldən …şəxs sonralar Qüds şəhərinə ziyarətə gedir…Qüdsdən qayıdanda Erməniyyəni keçir və Şərq ölkəsinin Uti vilayətinə gəlir…   O, xaçpərəstliyi burada yenidən canlandırıb, möhkəmləndirir və Udin vilayətində Albaniya,Lpiniya,Kaspiya,Çola keçidinə qədər uzanan torpaqlarda… İncili təbliğ edir”.

Qədim ləhcə və şivələrimiz

(Səh. 404-405): … Musa Kağankatlının “Alban tarixi” və Mxitar Qoşun “Alban salnaməsi” adlı kitabları dövrümüzədək orijinalda yox, erməni, rus və ingilis dilinə tərcümələrdə gəlib çıxmışdır. Bu kitablar haqqında bizdə olan təsəvvür Azərbaycan türkcəsinə Ziya Bünyadovun etdiyi tərcümələrə əsaslanır. Tanınmış dilçi alim Firidun Ağasıoğlunun yazdğına görə, ermənilər “Alban tarixi” kitabını rus dilinə çevirərkən, bilərəkdən bir necə ciddi təhrifə yol vermişlər. Onlardan 3-ü üzərində xüsusi durmağımıza ehtiyac var.

  1. Mesrop Maştots ermənilərə əlifba düzəltdikdən sonra Albanyada qarqarların dilinin bəzi  səsləri üçün xüsusi işarələr (nşanqirs) yaradır. Tərcümədə isə qarqar dili əsasında ayrıca bir əlifba yaradıldığı bildirilir.
  2. Bu məsələdə kömək üçün Zəngəzurdan tarkman, yəni türkmən Bünyamin dəvət olunur. Tərcümədə “tarkman”, yəni “türkmən” ifadəsi “tərcüməçi” ifadəsi ilə əvəz edilmişdir.
  3. Qarqarların dili ağ xəzərlərin dili (akxazur) ilə eyniləşdirilir. Tərcümədə “akxazur” etnonimi əvəzinə “son dərəcə uyumsuz bir dil” ifadəsi işlədilmişdir.

(Səh. 407): Murad Aci yazır:

“Ermənistanda erməni qrafikası ilə, fəqət türkcə yazılmış qədim müqəddəs kitablar var. Madam ki, erkən Ermənistanda dualar türkcə yazılmışdı, deməli, ibadət heç də suryani dilində yox, türkcə edilirdi…

… Ermənilər üçün ilk məbədləri kimlər tikmişlər? Nə üçün onların istiqaməti şərqədir?… Bu sualların cavablarını onların divarlarında tapmaq olar-orada türk tamğaları təsvir edilmişdir. Zvartnosda, Dvində, Cvaridə, Kotavankda, digər yerlərdə türk run yazıları var”.

(Səh. 412): … görkəmli ədəbiyyatşünas alim Zeynallının 1926-cı ildə dərc etdirdiyi bir məqalədə söylədiyi fikirlər çox maraqlıdır:

“Bugünkü dilçilərimizin, demək olar ki, hamısı Azərbaycanı cənub türklər qrupundan sayırlar. Lakin bir az dərin araşdırılsa, bunun bir yanlışlıq nəticəsi olduğu görünəcəkdir. Azərbaycandakı ləhcə və şivələrin son dərəcə müxtəlif olması, bir şəhərin özündə bir yerdə “əv”, o biri yerdə “ev”, üçüncü bir yerdə isə “öv” və yaxud “öy” deyildiyinə diqqət olunsa, bu surətlə Azərbaycanın hansı dil qrupundan olduğu məsələsi də gələcəyin ən pırtlaşıq və ilişik işi olacaqdır. O zaman bəlkə də Azərbaycan ləhcəsini bütün türk ləhcələrinin ortası sayacaqlar ki, bu da yeni mövzu olacaqdır”.

(Səh. 416): Tarixi mənbələrdən onuyğurların lll əsrin böyük Azərbaycan şairi və filosofu Maninin qurmuş olduğu maniçilik, başqa sözlə, manixeizm dininə sitayiş etdikləri və bu dini öz dövlətlərinin rəsmi dini elan etdikləri məlumdur.Görünür, öncələr Albaniyada yaşamış onuyğurların bu ölkəni tərk edib Şərqə köçmələrinə də elə bu din səbəb olmuşdur. Çünki V əsrdə Albaniya hökmdarı Vaçaqanın dövründə xristianlığın rəsmi dövlət dini elan edilməsindən sonra bütün qeyri din və məzhəb nümayəndələrinə qarşı, o cümlədən maniçilərə qarşı dəhşətli təqib və təzyiqlər başlamışdı. Bu üzdən də başqa din və təriqətlərin nümayəndələri ölkəni tərk etmək məcburiyyətində qalmışdılar.

Manixeizm və Azərbaycan

(Səh. 437):  Qıpçaq xüsusiyyətləri Gəncə-Qazax ləhcələrində daha aydın hiss olunmaqdadır.Bu ləhcələrdə “c” səsinin “j”, “b” səsinin isə “f” kimi tələffüz edilməsi qıpçaqlardan qalma əlamətlərdir.Bu günə qədər gəncəlilər “gedib” əvəzinə “gedif”, “gedəcəyəm” əvəzinə isə “gedəjəm” söyləyirlər. Təsadüfi deyil ki, Gəncə şəhərinin adı “gencək” qıpçaq soyunun adından törəmişdir.Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanın qədim şəhərlərinndən Təbriz və Şamaxının da adları ayrı-ayrı qıpçaq etnonimlərindən törəmiş etnotoponimlərdir. Bunlardan birincisi “tavrej” qıpçaq soyu ilə, ikincisi isə başqa bir qıpçaq soyu kimaklarla bağlıdır.Şamaxının adı islama qədər Kimakiya olmuşdur.Qazax şəhərinin adı da qıpçaq soylu qazaxlarla bağlıdır.

(Səh. 441): Sakların etnik mənsubiyyəti barədə iranşünaslarla türkoloqlar arasında uzun illər ərzində sürən mübahisəyə Qazaxıstandakı saklara aid İssık kurqandan tapılan gümüş qab üzərindəki əski türkcə yazılar bir dəfəlik son qoymuş, sakların türk mənşəli xalq olduğu təkzibedilməz dəlillər əsasında sübut edilmişdir.

(Səh. 443): Qədim hind mənbələrində eradan bir neçə yüzillər öncə sakların bir qisminin Hindistanın şimalında məskunlaşaraq tez bir zamanda burada yeni türk dövləti yaratmalarından söhbət açılmaqda və buddizmin əsasını qoyan Şakya Muninin də bir sak şahzadəsi olduğu qeyd edilməkdədir.

Əski dini inanclarımız

(Səh. 464-465): De Quiqnes isə özünün “Türklərin ümumi tarxi” kitabında bildirir:

“… Türklər bu dövrdə yüksəliş və süqutlarını, qabiliyyətli  və ya qabiliyyətsiz xaqan və bəylərin özləri-özlərinə vasitə olmasını ilahi himayə və cəzanın nəticəsi olduğuna və Tanrının qadiri-mütləq olduğuna inanırdılar”.

İbn Fədlan da bu barədə öz müşahidələrini qeydə almışdır:

“Bir türk zülmlə üzləşdiyi və çətinliyə düşdüyü zaman göyə baxıb, “Bir Tanrı”  deyərək dua edir.

Bu cümlədə ifadə edilən fikir təqribən 3200 il sonra Bizans salnaməçisi Feofilakt Simokattanın söylədikləri ilə, demək olar ki, üst-üstə düşür.”

 

“Türklər hər şeydən çox oda ehtiram edirlər, hava və suya da ehtiramları böyükdür, torpağa həsr edilmiş himnlər oxuyurlar. Sitayişi isə “Tək Tenqri” adlandırdıqları yeri və göyü yaradana edirlər. Ona ayğır, qoç və buğa qurban verirlər.

(Səh. 467-468):

          İslam terminologiyası                              Tenqriçilik terminologiyası

  1. Allah                                                                                              Tenqri
  2. Peyğəmbər, nəbi                                                                         Yalavac,Yalmac
  3. Rəsul                                                                                               Elçi
  4. Kitab (müqəddəs kitablardan biri)                                       Biti, Bitiq
  5. Cənnət                                                                                            Uçmaq
  6. Cəhənnəm                                                                                     Tamağ
  7. Din xadimi, ruhani                                                                     Tenqirkən
  8. İbadədgah (məscid, came)                                                      Tenqirlik
  9. Qurban                                                                                          Yağışlıq
  10. İbadət                                                                                            Tapıq
  11. Sitayiş                                                                                            Tapınmaq
  12. Müqəddəs                                                                                     Iduq, İduq-Qut
  13. Oruc                                                                                                Baçaq

14.     Şəriət                                                                                              Törü, Törə

  1. Ruh, Can                                                                                      Qut
  2. Günah                                                                                           Yazuq, Yazınc
  3. Həmd                                                                                             Alqış
  4. Axirət                                                                                            Mengü ajun
  5. Mələk                                                                                             Yumışçı
  6. Qeyb                                                                                              Örtüklük
  7. Ehsan                                                                                             Basan    
  8. İblis                                                                                                Yekkə
Bu yazı Bəxtiyar Tuncay, Hadisələr, Qeydlərim, Tariximiz, Yunus Oğuz kateqoriyasında dərc edildi və , , , , , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir şərh yazın